070 316 94 10
info@otma.az
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində 10 sentyabr tarixində “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluğun nümayəndəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyətin qarşısının alınması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, özəl klinikaların reputasiyasının qorunması, ictimaiyyətin etimadının artırılması və ümumi ictimai məsuliyyətin möhkəmləndirilməsi olub.
Açılış nitqi ilə çıxış edən ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib və problemin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğulayıb. O qeyd edib ki, özəl tibb müəssisələri, həkimlər, həmçinin də pasiyentlər öz hüquq və vəzifələrini bilməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev çıxışında mövzunun aktuallığını qeyd edərək, Nazirliyin qanunsuz tibb fəaliyyəti ilə mübarizəyə dörd əsas istiqamətdən yanaşdığını bildirib: qanunvericilik, nəzarət mexanizmləri, dövlət qurumları arasında koordinasiya və ictimai iştirakçılıq. O, həmçinin əlavə edib ki, bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqi, nəzarət sistemlərinin optimallaşdırılması və vətəndaş cəmiyyətinin fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Zamir Paşayev, ÖTMA-nın Baş katibi Vüqar Eyvazov, ÖTMA-nın Hüquq məsləhətçisi Elxan Əzizov və digər çıxışçılar qanunsuz tibbi fəaliyyətin qarşısının alınması yolları, pasiyentlərin məlumatlandırılması və maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində geniş müzakirələr aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Sonda ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, bütün təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq. O vurğulayıb ki, ÖTMA bundan sonra da qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində fəal fəaliyyət göstərəcək və birgə təşəbbüsləri dəstəkləməyə davam edəcək.