Logo

Səhiyyədə Birlik, Sağlamlıqda Güvən!


Icon

Əlaqə nömrəsi

070 316 94 10

Icon

Elektron ünvan

info@otma.az



Azərbaycan — Türk dünyası ilə Qafqazın qovşağında

Sep 19, 2026 | Super Admin
Blog Details

 Bildiyiniz kimi ,Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Bu görüş sadəcə bir qəbul deyildi - kökü bir, dili bir, ruhu bir olan böyük Türk dünyasının ortaq taleyinə işıq tutan tarixi bir çağırış idi.


Azərbaycan — Türk dünyası ilə Qafqazın qovşağında

 Böyük Türk dünyası, Türk eşqi ilə yoğrulan ruhum ,xüsusi bir həyəcan və alqışla qarşılayır baş verənləri.

 Bu bir gerçəkdir  ki, bu gün Azərbaycanı yalnız xəritədə coğrafi məkan kimi dəyərləndirmək mümkün deyil. Bu torpaqlar əsrlər boyu Türk dünyası ilə Qafqazı birləşdirən tarixi və mədəni körpü olub. Şərqlə Qərbin qovuşduğu bu qədim coğrafiyada müxtəlif sivilizasiyalar bir-biri ilə təmasda olub, mədəniyyətlər bir-birindən bəhrələnib.

 Azərbaycanın coğrafi mövqeyi onun tarixini, dövlətçilik ənənəsini və mədəni yaddaşını da müəyyənləşdirən mühüm amillərdən biri olub və buradan  keçən yollar yalnız karvanların deyil, fikirlərin, sözün, sənətin və mədəniyyətlərin də yolu olub.

 Bu gün Azərbaycan Türk dünyasının ayrılmaz hissəsi kimi öz tarixi-mədəni bağlarını daha da möhkəmləndirir, eyni zamanda Qafqazın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri kimi çıxış edir.

 Ulu Qəbələni paytaxt bilən Qədim Qafqaz Albaniyasının məhz bu torpaqlarda var olması da Azərbaycanın Türk dünyası və Qafqazla dərin tarixi bağlılığının bariz nümunəsidir.

 Bizi birləşdirən yalnız yollar deyil — ortaq tarix, ortaq yaddaş və əsrlərdən gələn mənəvi bağlardır.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam həmrəyliyini sadəcə şüar yox, dövlətin vicdan siyasətinə çevirib. Biz inanırıq ki, İslam dünyasında qarşıdurmalar susmalı, müsəlman xalqları bir ocağın başında vahid ailə kimi birləşməlidir. Bu gün İslamofobiyaya, dini ayrı-seçkiliyə, müqəddəs Qurani-Kərimə uzanan murdar əllərə qarşı ən güclü sipərimiz məhz bu sarsılmaz həmrəylikdir. Türk dünyası, Qafqaz və İslam aləmi arasında hörülən bu mənəvi körpü zamanın sınaqları qarşısında bizi qoruyan ortaq səngərimizdir.

 Görüşdə Qarabağa və Şərqi Zəngəzura səfər edəcək dini liderlərin gözləri ilə görəcəyi mənzərə xüsusi vurğulandı. Onlar 30 illik işğalın qövr edən yaralarını - Xocalıda tökülən körpə qanını, yerlə yeksan edilmiş məscidlərimizin susqun minarələrini, viran qoyulmuş şəhər və kəndlərimizi, doğma yurdundan qovulmuş 250 min soydaşımızın nisgilini, itkin düşmüş minlərlə azərbaycanlının yolunu gözləyən anaların ahını görəcəklər. Bu, sadəcə dağıntı deyil, bir millətin yaddaşına həkk olunmuş kədərli tarixin izləridir.

 Amma bu gün o tarixin üzərində yeni bir tarix yazılır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini dəmir iradə, qan və can bahasına bərpa edib. İndi Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdışın sevinci yaşanır. Keçmiş məcburi köçkünlər illərin həsrətindən sonra baba ocaqlarına dönür. Dağıdılmış məscidlər, tapdalanmış ziyarətgahlar dirçəldilir. Ağdam məscidinin bərpası ilə başlayan bu müqəddəs dirçəliş yolçuluğu - küllənmiş imanın, sönməyən inancın qayıdışıdır.

 Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan müharibədən sonra sülhün tərəfindədir. Biz Ermənistanla uzunmüddətli, sarsılmaz və ədalətli sülh istəyirik. Lakin sülhün dilini anlamayan, revanş xülyası ilə silahlanan qonşunun qarşısında ayıq-sayıq olmaq, yumruğumuzu bərk saxlamaq - suverenliyimizin və təhlükəsizliyimizin qarantıdır.

 Məhz buna görə Qarabağa gələn hər bir xarici diplomatın, hər bir dini liderin orada gördüyü həqiqət - həm işğalın dəhşətlərini, həm də Azərbaycanın qurub-yaradan əllərini dünyaya çatdıran canlı şahadətdir.

 Bu gün Türk dünyasının bütövlüyünü sarsıtmaq istəyən qüvvələr qarşısında yeganə yolumuz bir olmaqdır. Türk dövlətləri başçılarının son dövrdə atdığı müdrik addımlar, ortaq təhlükəsizlik və həmrəylik sisteminin qurulması istiqamətində atılan qətiyyətli addımlar göstərir ki, ulu Dədə Qorqudun nəsihəti bu gün də yaşayır: "Birlik olan yerdə dirlik olar".

 Prezident İlham Əliyevin bu birlik yolunda atdığı addımlar isə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sabahına hesablanmış tarixi perspektivdir.

Birliyimiz əbədi, həmrəyliyimiz sarsılmaz olsun!

Son xəbərlər