Özəl tibb müəssisələrinin dayanıqlı inkişafına nail olmaq, yaranan problemlərin həlli istiqamətində işlər görmək, dövlət qurumları və özəl tibb sektoru arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, bu sektorun maraqlarını təmsil etmək naminə "tək əldən səs çıxmaz" deyərək gücümüzü birləşdirməyə və təşkilatlanmağa qərar verdik. Biz, 7 özəl tibb müəssisəsi - "Respublika Diaqnostika Mərkəzi", "Live Bona Dea Hospital", "Mediland Hospital", "Baku Medical Plaza", "Türk Amerikan Medical Center", "Caspian International Hospital", "Medservis Tibb Mərkəzi" təmsilçiləri, 17 fevral 2023-cü ildə keçirilən təsis yığıncağında Ö.T.M.A. ictimai birliyini təsis etdik. 30 may 2023-cü ildə Özəl Tibb Müəssisələri Assosiasiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Qarşıya qoyduğumuz missiya, məqsəd və fəaliyyət istiqamətlərimiz haqda müvafiq bölmələrdə məlumat ala bilərsiniz.
Bildiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq, bu gün Azərbaycan səhiyyəsi gündən-günə güclənir, özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki Bakıda, həm də bölgələrdə müasir tibb mərkəzləri açılır və müasir avadanlıqlarla təchiz olunur.
Tibbi xidmətlərin yetərli və effektiv səviyyədə təşkil olunması, cəmiyyətin rifahını və ümumi inkişaf səviyyəsini təyin edən amillərdən biridir. Səhiyyə sisteminin vacib tərkib hissəsi özəl tibb müəssisələridir. Özəl tibb müəssisələri bu gün ölkə səhiyyəsinin inkişafında əhəmiyyətli rol oynayır və istər modern tibbi cihazlar və texnologiyalardan istifadə edərək, istərsə də, yüksək ixtisaslı peşəkar həkimləri işə cəlb edərək, vətəndaşlara keyfiyyətli tibbi xidmət təklif etməyi hədəfləyir. Azərbaycanda özəl xəstəxanalar əhalinin yalnız yüksək gəlirli təbəqəsinin deyil, eyni zamanda orta sinfin də güvənərək sağlamlığını etibar etdiyi tibb müəssisələridir.
Müasir dövrdə insanların tibbi xidmətlərə ehtiyacı artdığı bir zamanda vətəndaşlar gecikmədən müayinə və müalicə olunmaq istəyir və bu səbəbdən dövlət xəstəxanalarında yaranmış pasient sıxlığı özəl xəstəxanalara olan tələbatı daha da artırır. Öz növbəsində özəl xəstəxanalar daha komfortlu və rahat şəraitdə keyfiyyətli tibbi xidmət göstərərək yaranan sıxlığın aradan qalxmasında və pasient məmnuniyyətinin artmasında vacib rol oynayır.
Yaxın keçmişə nəzər salsaq, özəl xəstəxanaların dövlət xəstəxanalarının üzərinə düşən böyük yükü paylaşmaqda, eləcə də vətəndaşlarımızın, səhiyyəmizin rifahı naminə görülən ümumi işdə nə qədər əhəmiyyətli olduğunu aydın görə bilərik. Belə ki, keçdiyimiz pandemiya dövründə Covid-19-un laborator və instrumental diaqnostikası, xəstələrin çeşidlənməsi və bu məqsədlə müəyyən olunmuş özəl tibb müəssisələrində müayinə və müalicəsinin təşkili, özəl xəstəxanalarda çalışan həkim və tibb işçilərinin Covid-19-la mübarizədə aktiv iştirakı buna bariz nümunədir.
Eləcə də 44 günlük Vətən müharibəsində xalqımızın düşmənə qarşı bir yumruq kimi birləşdiyi dövrdə, əksər özəl xəstəxana rəhbərlikləri, həkimləri və tibb personalı səfərbər olmuş, maddi və mənəvi dəstəklərini əsirgəməmiş, ön sıralarda qazilərimizə, yaralı əsgərlərimizə tibbi xidmət göstərmişlər.
Özəl sektorun inkişafı bu gün həm də tibbi turizmin inkişafına zəmin yaradır. Belə ki, Azərbaycanda özəl sektorda tibbi xidmətin keyfiyyətinin yüksək olması və qiymətlərin digər ölkələrlə müqayisədə çox daha uyğun olması əcnəbi pasientlərin cəlb olunmasına və bu da öz növbəsində iqtisadiyyatın inkişafına öz bəhrəsini verə bilər. Və nəhayət, özəl sektor sahibkarlar üçün də çox karlı bir yatırım fürsətidir. Bu da öz növbəsində ölkəmizdə sahibkarlığın inkişafına, o cümlədən iqtisadiyyatın güclənməsinə şərait yaradır.
Beləliklə, ölkə səhiyyəsinin və iqtisadiyyatının inkişafında, vətəndaşlarımızın rifahında bu qədər əhəmiyyətli rol oynayan özəl tibb müəssisələrinin bu günkü durumu, problemləri, gələcəkdə necə bir yol izləyəcəkləri son dərəcə önəmlidir.
Bir çox səbəbdən problem yaşaya bilən (maliyyə, insan qaynağı, rəqabət, idarəetmə, xəstə yönləndirilməsi və s.) özəl xəstəxanaların çətinliklərini işıqlandırmaq, problemin həlli yollarını tapmaq, dövlət qurumları ilə özəl xəstəxanalar arasında sıx əlaqəni təmin etmək prioritet məsələlərdəndir. Özəl tibb müəssisələrinin inkişafı və daha çox vətəndaşımızın yüksək standartlarda tibbi xidmətdən yararlana bilməsi üçün özəl sektora xüsusi diqqət və dövlət dəstəyi vacibdir.
Bütün bu sadalananları rəhbər tutaraq, Sizi, özəl tibb sektorunun inkişafı, səhiyyəmizin müasir standartlarda keyfiyyətli tibbi xidmət göstərməsi, vətəndaşlarımızın, o cümlədən bu sektorda əmək verən çoxsaylı tibb işçilərinin rifahı naminə sıralarımıza qoşulmağa, ictimai birliyin işində aktiv olmağa dəvət edirik.