070 316 94 10
info@otma.az
Pasiyent təhlükəsizliyi yalnız tibbi xidmətin göstərildiyi anda diqqət yetirilməli olan məsələ deyil. Bu, profilaktikadan erkən aşkarlamaya, düzgün diaqnostikadan müalicəyə, dərman təhlükəsizliyindən uzunmüddətli müşahidə və özünə qulluğa qədər bütün səhiyyə prosesini əhatə edən sistemli yanaşmadır.
Ümumdünya Səhiyyə Təşkilatı 2026-cı ildə diqqəti məhz qeyri-infeksion xəstəliklərlə yaşayan insanların təhlükəsiz və keyfiyyətli tibbi xidmətə çıxışına yönəldir. Ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki tənəffüs xəstəlikləri kimi uzunmüddətli nəzarət tələb edən xəstəliklər zamanı pasiyent səhiyyə sistemi ilə dəfələrlə və uzun müddət ərzində təmasda olur. Bu isə diaqnostik gecikmə, dərman səhvləri, koordinasiyanın zəifliyi və digər qarşısı alına bilən risklərin yaranması üçün çoxsaylı məqamlar formalaşdırır.
Bu səbəbdən 2026-cı ilin mesajı bizim üçün xüsusilə əhəmiyyətlidir: təhlükəsizlik yalnız müalicənin nəticəsi deyil, müalicə prosesinin özünün ayrılmaz hissəsi olmalıdır.
Özəl Tibb Müəssisələri Assosiasiyası olaraq hesab edirik ki, keyfiyyətli səhiyyə xidmətinin əsas göstəricilərindən biri pasiyentin özünü təhlükəsiz hiss etdiyi və tibbi risklərin sistemli şəkildə idarə olunduğu mühitin yaradılmasıdır.
Bu istiqamətdə özəl tibb müəssisələrində:
🔹 standartlaşdırılmış klinik və inzibati proseslərin tətbiqi;
🔹 düzgün və vaxtında diaqnostikanın təmin edilməsi;
🔹 dərman və tibbi cihaz təhlükəsizliyinə diqqətin artırılması;
🔹 tibbi xidmətlər arasında koordinasiya və davamlılığın gücləndirilməsi;
🔹 pasiyentin müalicə prosesində məlumatlandırılması və qərarlara cəlb olunması;
🔹 tibbi personalın davamlı peşəkar inkişafının dəstəklənməsi;
🔹 baş verən insidentlərdən öyrənmə və davamlı keyfiyyət təkmilləşdirilməsi mədəniyyətinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Təhlükəsiz səhiyyə – bütün sistemin məsuliyyətidir
Pasiyent təhlükəsizliyi yalnız həkimin və ya tibb bacısının məsuliyyəti deyil. Bu, tibb müəssisəsinin idarəetməsindən klinik qərarlara, texniki təminatdan informasiya mübadiləsinə qədər bütün sistemin ortaq məsuliyyətidir.
ÖTMA-nın fəaliyyət istiqamətlərindən biri də üzv tibb müəssisələrində tibbi xidmətlərin müasir keyfiyyət standartlarına uyğunlaşdırılmasına, pasiyent təhlükəsizliyi və klinik etik standartların təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Bu baxımdan pasiyent təhlükəsizliyinin təmin olunması yalnız müəyyən bir günün deyil, hər gün davam edən institusional öhdəliyin bir hissəsi olmalıdır.
Xüsusilə qeyri-infeksion xəstəliklərin uzunmüddətli idarə olunmasında pasiyent, həkim, tibb müəssisəsi və digər səhiyyə iştirakçıları arasında effektiv əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Pasiyentin öz sağlamlığı barədə məlumatlı olması, müalicə qərarlarında iştirak etməsi və müalicə prosesini düzgün anlaması da təhlükəsizliyin mühüm komponentlərindəndir.
ÖTMA olaraq inanırıq ki, müasir səhiyyənin məqsədi yalnız xəstəliyi müalicə etmək deyil, bu prosesi mümkün qədər təhlükəsiz, keyfiyyətli, davamlı və pasiyent yönümlü olmasını təşkil etməkdir.
17 Sentyabr – Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü münasibətilə bütün tibb işçilərini, tibb müəssisələrini və səhiyyə ictimaiyyətini təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə, qarşısı alına bilən risklərin azaldılmasına və pasiyentin səhiyyə prosesində daha fəal tərəfdaş kimi qəbul edilməsinə çağırırıq.
Çünki:
Təhlükəsiz xidmət – keyfiyyətli xidmətin təməli,
keyfiyyətli xidmət isə sağlam gələcəyin əsasıdır.