070 316 94 10
info@otma.az
3 mart 2026
Özəl Tibb Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə klinika rəhbərləri və tanınmış hüquq mütəxəssislərinin iştirakı ilə növbəti peşəkar görüş baş tutub. Görüşə ev sahibliyini ÖTMA idarə heyəti üzvlərindən biri olan Baku Medical Plaza klinikası edib və klinikanın baş həkimi Kamal Quliyev qonaqları salamlayaraq son dönəmdə klinikada həyata keçirilən yeniliklərdən söz açıb. Sonra ÖTMA İdarə Heyəti sədri Günel Əliyeva assosiasiyanın fəaliyyəti haqda qısa məlumat verərək , görüşün mövzusunun aktuallığını diqqətə çatdırıb və klinika idarəçilərinin hüquqi maarifllənməsinin əhəmiyyəti haqqında danışıb. Görüşdə səhiyyə sahəsində idarəetmə və hüquqi tənzimləmənin aktual məsələləri geniş müzakirə edilib.
Tədbirdə Assosiasiyanın üzvü olan klinikaların rəhbərləri ilə yanaşı,Əməkdar hüquqşünas, Hakimlər İttifaqı İdarə Heyətinin üzvü , ÖTMA İdarə Heyəti sədrinin müşaviri Əsəd Mirzəliyev və təcrübəli hüquqşünas Natiq Abdullayev iştirak ediblər.
Görüşün əsas hissəsində tibb müəssisələrində sənədləşmənin aparılması, xəstələrin məlumatlandırılmış razılığının alınması qaydaları və tibb personalı ilə bağlanan əmək müqavilələrinin hüquqi tələbləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Xüsusi diqqət Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun şəxsiyyət hüquqlarının müdafiəsi haqqında qərarına yönəldilib. Hüquqşünaslar bu qərarın müddəalarının tibb müəssisələrinin gündəlik fəaliyyətində necə tətbiq edilməsi barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, icbari tibbi sığorta xidmətlər zərfi çərçivəsində pasientlərin müalicə alması üçün özəl klinikalara göndəriş mexanizmlərinin hüquqi aspektləri də qiymətləndirilib. İştirakçılar bu sahədə mövcud olan hüquqi tənzimləmələri və təcrübədə rast gəlinən çətinlikləri müzakirə ediblər.
Tədbir təcrübəli hüquqşünasların mühazirələri və iştirakçıların sual-cavab şəklində fikir mübadiləsi formatında keçib. Görüş iştirakçıları üçün nəzəri biliklərin praktiki tətbiqi baxımından faydalı olub.
Özəl Tibb Müəssisələri Assosiasiyası bu cür görüşlərin mütəmadi olaraq təşkil edilməsinin tibb müəssisələrində hüquqi savadlılığın artırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyini bildirir.