070 316 94 10
info@otma.az
Görüşdə çıxış edən ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva
Assosiasiyanın əsas missiyasını və bu dialoqun əhəmiyyətini vurğuladı.
Sahibkarların dövlət dəstək mexanizmlərinə birbaşa çıxışını təmin edən bu cür
platformaların sektoral güclənmədə mühüm rol oynadığını qeyd etdi. Onun rəhbərliyi
ilə Assosiasiyanın sistemli və məqsədyönlü fəaliyyəti bu görüşün effektivliyinə
əsaslı töhfə verdi.
Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktoru Emin Şirinov fondun təqdim etdiyi güzəştli kreditlər, o cümlədən, digər maliyyə dəstəyi müxanizmləri barədə ətraflı məlumat verdi. O, səhiyyə sahəsində fəaliyyət göstərən özəl müəssisələrin də bu imkanlardan daha geniş şəkildə faydalana bilməsi üçün fondun açıq dialoq və əməkdaşlığa tam hazır olduğunu bildirdi.
ÖTMA-nın Baş katibi Vüqar Eyvazov çıxışında Assosiasiyanın
üzv müəssisələrindən toplanmış real sahə təcrübələrinə əsaslanaraq, mövcud çətinlikləri,
ehtiyacları və strateji imkanları konkret başlıqlar altında təqdim etdi.
Birinci olaraq, vergi siyasəti kontekstində sektorun
inkişafını təşviq edə biləcək potensial optimallaşdırmalar barədə fikirlərini
bölüşdü. Xüsusilə ƏDV mexanizmlərinin mövcud tətbiq forması ilə bağlı
sahibkarlıq subyektlərindən daxil olan təklifləri ümumiləşdirərək, bu sahədə şəffaf
fəaliyyətin təşviqinə, investisiya mühitinin cəlbediciliyinə və xidmətlərin əlçatanlığına
dəstək verəcək alternativ yanaşmaların nəzərdən keçirilməsinin faydalı ola biləcəyini
qeyd etdi.
Bu istiqamətdə məsələlərin hər birinin ÖTMA üzvləri tərəfindən
qruplaşdırılaraq və təhlil edilərək, Azərbaycan Respublikasının İqtisadi Şurası
nəzdində fəaliyyət göstərən Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin
aradan qaldırılması üzrə İşçi Qrupun Vergi Alt Qrupunun Koordinasiya Qrupunda təqdim
edildiyini xüsusi olaraq vurğuladı.
Eyni zamanda, bu təkliflərin dövlətin ümumi fiskal
strategiyası ilə ziddiyyət təşkil etmədiyini, əksinə dövlətin özəl səhiyyə
sektoruna göstərdiyi ardıcıl dəstəyi, bu sahənin inkişafına verdiyi strateji önəmi
və əməkdaşlıq ruhunu əks etdirdiyini bildirdi.
İkinci olaraq, icbari tibbi sığorta mexanizmi çərçivəsində dövlət-özəl tərəfdaşlığının daha səmərəli şəkildə tətbiqi məsələsinə toxundu. Burada əsas vurğu pasiyentlərin seçim hüququnun tanınması, özəl müəssisələrin bu sistemə inteqrasiyasının sadələşdirilməsinə əsaslanan mexanizmlərin qurulması ehtiyacına yönəldi.
Üçüncü istiqamət olaraq, tibbi turizmin inkişafı gündəmə gətirildi. Vüqar Eyvazov qeyd etdi ki, Azərbaycan səhiyyə sisteminin keyfiyyət və infrastruktur baxımından regional rəqabətliliyi mövcuddur və bu potensialın reallaşdırılması üçün təşviq mexanizmlərinin gücləndirilməsinə, beynəlxalq akkreditasiyalara və brendləşməyə ehtiyac var.
Nəhayət, o vurğuladı ki, ölkə daxilində tibbi xidmətlərin səviyyəsi
elə bir mərhələyə çatmalıdır ki, heç bir vətəndaş sağlamlığı ilə bağlı xarici
ölkələrdə xidmət axtarmağa ehtiyac duymasın. Bu, həm sosial rifah, həm də milli
iqtisadiyyatın güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş çərçivəsində Fondun təqdim etdiyi kredit alətləri yüksək qiymətləndirildi və bu imkanların daha geniş əhatəyə yayılması, prosedurların optimallaşdırılması ilə bağlı təkliflər təqdim olundu.
Sonda iştirakçı sahibkarların praktiki sualları cavablandırıldı, müxtəlif istiqamətlər üzrə real, tətbiq edilə biləcək həll yolları üzrə qarşılıqlı fikir mübadiləsi aparıldı.
Bu görüş, Günel Əliyevanın rəhbərliyində formalaşan vahid mövqe, Emin Şirinovun təşviqedici yanaşması və Vüqar Eyvazovun sahəni dərinliklə əhatə edən çıxışı ilə özəl səhiyyə sektorunun gələcək inkişafı üçün ciddi zəmin yaratdı.
ÖTMA olaraq inanırıq ki, sağlam tərəfdaşlıq və davamlı dialoq üzərində qurulmuş əməkdaşlıq, ölkəmizin səhiyyə sistemini daha şəffaf, daha güclü və daha əlçatan edəcək.
Birlikdə sağlam gələcəyə doğru!