070 316 94 10
info@otma.az
Azərbaycanda onkoloji xəstələr üçün tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsi istiqamətində vacib addım atılır. Qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, vətəndaşlar artıq yalnız ixtisaslaşdırılmış dövlət müəssisələrində deyil, həm də müvafiq lisenziyaya malik özəl tibb müəssisələrində onkoloji yardım ala biləcəklər.🏥
Hazırda qüvvədə olan qanunvericiliyə görə onkoloji xidmət əsasən dövlət tibb müəssisələrində göstərilir. Lakin onkoloji xəstələrin sayının artması, dövlət müəssisələrinin yüklənməsi və vətəndaşların müalicə üçün xarici ölkələrə üz tutması bu sahədə alternativlərin yaradılmasını zəruri edib.
Təklif olunan dəyişikliklər “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğun olaraq, yalnız onkoloji yardım üzrə ayrıca lisenziyaya malik özəl tibb müəssisələrinin bu sahədə fəaliyyət göstərməsini nəzərdə tutur. Bu isə həm keyfiyyətə nəzarəti qoruyur, həm də pasiyentlər üçün seçim imkanlarını artırır.
Qeyd etmək vacibdir ki, onkoloji xəstələrə özəl tibb müəssisələrində xidmət göstərilməsinə icazə verilməsi məsələsi- Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) tərəfindən Səhiyyə Nazirliyi ilə keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılan əsas təşəbbüslərdən biri olub. Assosiasiya bu yanaşmanın səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və ölkə daxilində mövcud tibbi potensialdan səmərəli istifadə baxımından vacib olduğunu diqqətə çatdırıb.